Hərbi Prokurorluq ötən ilə yekun vurub

post-img

Yanvarın 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında Baş prokuror Kamran Əliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçısı Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Tarixin bu astanasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi isə Prezident İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından birinə çevrilib. Baş prokuror qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyev ideyalarına söykənməklə özünün çoxşaxəli və məzmunlu fəaliyyəti ilə məhz həqiqətlərin dünyaya çatdırılmasına yorulmaz əmək sərf edir.

Sonra hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini-hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd edib ki, tarixi Zəfərin şərtləndirdiyi ordu quruculuğunun yeni mərhələsində Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Azərbaycan Silahlı Qüvvələrində hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda, dövlətimizin qüdrətinə, milli mənafelərimizə və Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəlib.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 faizinin açılması təmin edilib.

Müsbət hal qismində vurğulanılıb ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21,3 faiz azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Bundan başqa, qeyd olunub ki, 2025-ci ildə Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Bundan əlavə, hesabat dövründə hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Daha sonra Hərbi prokurorun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək, hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzulayıb.

 



Son xəbərlər