Uzaq Mərakeşlə yaxın elmi əlaqələr

post-img

Dünən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

Mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq bu gün imzalanacaq əməkdaşlıq memorandumunun kitabxananın oxucuları, xüsusilə alimlərimizin, şərqşünaslarımızın gələcək tədqiqatları üçün geniş imkanlar təqdim edəcəyini bildirib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında XI Bakı Beynəlxalq Kitab Sərgisinin ölkəmizin elmi müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini söyləyib. Qeyd olunub ki, zəngin kitab fonduna malik Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq ölkəmizin kitabxanalarının gələcək fəaliyyəti üçün yeni səhifə açacaq. Həmçinin bildirib ki, bu əməkdaşlıq xüsusilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan tarixi əlyazma nüsxələrinin oxunması və beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynayacaq.

Mərasimdə çıxış edən Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samirə Əl Malizi hər kəsi salamlayaraq əməkdaşlıq memorandumunun imzalanmasına verdikləri dəstəyə görə, akademik İsa Həbibbəyliyə, professor Kərim Tahirova və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşa minnətdarlığını bildirib.

Sonra əməkdaşlıq memorandumları imzalanıb. Əvvəlcə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd olunan sənədlər qurumlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacaq.

Q.ƏLİYEV
XQ

 

Son xəbərlər