Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib.
Forumda çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, son illərdə dövlətin aqrar sektora göstərdiyi dəstək, innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məhsuldarlığın artımına mühüm təsir göstərib. Forumun nəticələrinin isə aqronomların peşəkarlığının artmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyi vurğulanıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, əsas məqsəd müasir texnologiyaların tətbiqi ilə aqronomların bilik və bacarıqlarının artırılmasına, fermerlərin isə innovativ həllərə çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, müasir kənd təsərrüfatında uğur qazanmaq üçün aqronomlar yalnız elmi biliklərə deyil, həm də praktik təcrübəyə və innovativ texnologiyaları tətbiq etmək bacarığına sahib olmalıdırlar. Aqrar İnnovasiya Mərkəzinin fəaliyyəti də bu istiqamətdə strategiya və resursların düzgün yönləndirilməsini təmin edir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aparatın Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli də çıxış ediblər.
Forum üç panel sessiyasından ibarət olub. Yekunda qeyd olunub ki, “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” aqrar sektorda bilik və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin formalaşmasına və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcək.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri