Dünən Naxçıvan Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini ilə birgə yaradılmış Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub. Mərasimdə rəsmi qurumların, ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin təmsilçiləri, ziyalılar, iştirak ediblər.
NDU-nun rektoru Elbrus İsayev Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında, müasir texnologiyaların və tədris metodlarının tətbiqində önəmli rol oynayacağını qeyd edib. Rektor son 4 ildə ali təhsil ocağının startap uğurlarını xatırladaraq bildirib ki, bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan qalibliklər regional ekosistemdə NDU-nun rolunu gücləndirib.
Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri Fərid Osmanov ekosistemi sürətlə inkişaf edən ölkələrdə innovasiya məkanlarının aparıcı rol oynadığındabn söz açaraq söyləyib ki, bu mərkəz Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfədir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayır. Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, Azər Məmmədrəhimov, Ərzurum Texnik Universitetinin prorektoru Ceren Sultan Elmalı, Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Elvin Hacıyev, İstanbul Cerrahpaşa Universitetinin professoru Aysel Ersoy, NDU-nun informasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli, Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyasının sədri İlhamə Cəfərli innovasiya məkanlarının yaradılmasının innovativ təfəkkürlü yeni nəsil yetişdirmək yönündə mühüm və özünəməxsus önəm daşıdığını qeyd ediblər.
Çıxışlar dinlənildikdən sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mərasimdən sonra “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda ikigünlük beynəlxalq konfrans başlayıb.
Səbuhi HƏSƏNOV
XQ