İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Paris qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 24-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 30-cu görüşü keçirilib.
Toplantıda ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsi edib.
İclasda Şəbəkənin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində ölkəmiz üzrə təqdim edilmiş tövsiyələrin icrası ilə əlaqədar tərəqqi hesabatı müzakirə edilərək qəbul edilib. Ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə üzrə dövlət siyasəti ekspertlər tərəfindən olduqca yüksək qiymətləndirilib və qeyd edilib ki, müvafiq sahədə əldə etdiyi nəticələrə görə Azərbaycan region ölkələri arasında ilk yerlərdən birini tutur.
Nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verib.