Yekaterinburq qurbanlarının cənazələri Bakıya gətirilib

post-img

Cənazələr yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq

İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri dünən “Ural Airlines” aviaşirkətinə məxsus reyslə Bakıya gətirilib.

Meyitlərin dünən yenidən tibbi ekspertizaya göndərilməsi nəzərdə tutulur.

Jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli bildirib: 

– Yekaterinburqdakı hadisələr təkcə ailəmiz deyil, bütün Azərbaycan üçün ağır oldu. Bir azdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir. 

"Rusiyada həyata keçirilən qurama, qeyri-obyektiv, qondarma ekspertizanın rəyi ilə bağlı həqiqətin üzə çıxarılması, haqq-ədalətin öz əksini tapması üçün ölkəmizin peşəkar həkimləri tərəfindən cənazələr yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq", – deyə o vurğulayıb.

Seyfəddin Hüseynli fikirlərini belə davam etdirib:”Bizim xalqımız da, dövlətimiz də alicənabdır. Hər zaman öz nəcibliyini qoruyub. Sözsüz ki, Azərbaycan bu məsələdə də tam qanuna uyğun şəkildə davrandı, adekvat addımlar atdı. Azərbaycan dövləti göstərdi ki, hər bir vətəndaşının, ümumilikdə bütün azərbaycanlıların hüququnu, haqqını qorumağa qadirdir, bunun üçün çalışır. Dövlətimiz Azərbaycan mənsubiyyəti olan heç bir insanın zülmə, işgəncəyə məruz qalmasına sakit baxmayacaq”.

XQ

 





Son xəbərlər