XİN: görüşlər, məsləhətləşmələr

post-img

İyunun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.

Görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn planlar və birgə layihələr, ikitərəfli ali səviyyədə planlaşdırılan səfərlərə hazırlıq, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksəksəviyyəli təmasların, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstanın xarici işlər nazirinin müavini Elena Şekerletova ilə də görüşüb.

Görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və sair aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın rolu qeyd edilib.

Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Eyni gündə Azərbaycanın və Bolqarıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini Elena Şekerletova rəhbərlik edib.

***

Dünən Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Nazirliyin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.  Azərbaycanın və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.

XQ

 

Son xəbərlər