Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
S.Qafarova Numan Kurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibətilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Dünən, həmçinin Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı da olub. Milli Məclisin sədri TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.
***
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Sahibə Qafarova ötən həftə
Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri, eləcə də dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan–Pakistan–Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsi barədə məmnunluqla danışıb.
Pakistan səfiri Qasım Mohiuddin iki xalq arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu qeyd edib. O, Pakistan–Hindistan münaqişəsi barədə geniş məlumat verib və Azərbaycanın bütün sahələrdə ölkəsinə dəstəyini yüksək qiymətləndirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsiri qeyd olunub.
***
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə də görüşüb.
Görüş zamanı Azərbaycan və Belçika arasında əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib, Belçika parlamentinin əvvəlki rəhbərləri ilə keçirdiyi görüşləri xatırladıb. O, qarşılıqlı səfərlərin və daimi dialoqun münasibətlərin möhkəmlənməsinə, eyni zamanda, daha dolğun məlumat mübadiləsinə şərait yaratdığını vurğulayıb. Bu kontekstdə dostluq qruplarının roluna da toxunub.
Səfir Julyen de Frepon isə çıxışında Azərbaycanda fəaliyyətə başladığı müddətdə ölkə ictimaiyyətinin qonaqpərvər münasibətini yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, logistika və dənizçilik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəminin olduğunu qeyd edib.
***
Dünən Azərbaycan və Kamboca parlamentlərinin qarşılıqlı dostluq qruplarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.
Onlayn görüşdə Azərbaycanın Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və mövcud potensialı barədə danışıb.
Kamboca Parlamenti Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Suos Yara isə Kambocanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar səviyyəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
XQ