Abşeron rayonu Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlər üçün salınan şəhərcikdə Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən danışıb.
Zəngilan əhalisinin, eləcə də ağsaqqallarının məcburi köçkün həyatı yaşadıqları dövrdə nümayiş etdirdikləri yüksək vətənpərvərlik ruhundan və onların Azərbaycanın tərəqqisi naminə həyata keçirdikləri aktiv fəaliyyətdən bəhs edib. Növbəti tədbirlərin Zəngilanda keçirilməsi arzusu ilə konfransın işinə uğurlar arzulayıb.
Sonra Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, 30 ildən çox davam edən Ermənistanın işğalı nəticəsində öz ev-eşiklərindən didərgin düşən Zəngilan sakinləri, eləcə də ağsaqqallar daim dövlətə, dövlətçilyə sadiq olublar, ölkəmizin inkişafına xidmət ediblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirib ki, biz xoşbəxt xalqıq, çünki Ulu Öndər Heydər Əliyev kimi çox müdrik ağsaqqalımız olub və hazırda da bu dahi şəxsiyyətin ali ağsaqqallıq missiyasını, ideyalarını yaşadan yüksək intellektli, güclü, qətiyyətli dövlət başçımız – cənab İlham Əliyev kimi qüdrətli Prezidentimiz var. Natiq, həmçinin, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən görüşü - üç qardaş ölkənin bütün dünyaya nümunə olacaq zirvə görüşü adlandırıb, bu strateji birliyin böyük siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Çıxışının sonunda vurğulayıb ki, biz, ağsaqqallar gənclərimizi daim maarifləndirərək zərərli vərdişlərdən çəkindirməli, onlara ölkəmizin qazandığı uğurların, eləcə də müstəqilliyimizin və suverenliyimizin dəyərini başa salmalıyıq.
Tədbirdə Bayram Yusifov uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza göstərdiyi dəyərli xidmətlərə görə və 85 illik yubileyi münasibətilə Xuduş İsgəndərovun Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti tərəfindən Fəxri fərmanla təltif edildiyini vurğulayaraq onu yubilyara təqdim edib.