Mayın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
İclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə çıxış edən deputatlar mayın 28-də Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşünün ölkəmizin xarici siyasətində dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin önəmli yer tutduğunu bir daha nümayiş etdirdiyini vurğulayıblar. Müzakirələr zamanı deputatlar bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.
Sonra Sahibə Qafarova iclasda 10 məsələnin müzakirə ediləcəyini söyləyib. O, birinci məsələnin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat olduğunu bildirib.
Bu məsələ ilə əlaqədar iclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2024-cü il üzrə məlumatını slaydlar vasitəsilə təqdim edib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Məsələ ətrafında müzakirələrdə çıxış edənlər öz fikir və qeydlərini bildiriblər.
Müzakirələrin sonunda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.
S.Qafarova növbəti məsələnin üçüncü oxunuşda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi olduğunu deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. Konstitusiya Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmin qanun layihəsini təqdim edib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə söhbət açıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri Əli Hüseynli isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin Sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub.
Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Deputatların fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra yaz sessiyasının yekunları barədə məlumat verən Milli Məclisin Sədri qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib. Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiqlənib.
Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib.
XQ