Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb. Yüksəksəviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsindəki vacib rolu xüsusi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcudluğu qeyd edilib. Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi bildirilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.
Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.
***
Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
S.Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə aktiv qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyəti qeyd edilərək, iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın münasibətlərimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb.
Görüşdə parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılaraq, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə də əməkdaşlıq etdikləri qeyd olunub, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə də görüşüb.
Parlamentlərimiz arasında əlaqələr haqqında danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti də vurğulanaraq, xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb.
Səfir Alim Bayel də ölkələrimiz arasında yüksəksəviyyəli əlaqələrdən məmnunluğunu bildirərək, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb.
XQ