İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Kütləvi məzarlıqların hər biri Dövlət Komissiyası tərəfindən, həmçinin Baş Prokurorluğun müstəntiqləri tərəfindən qeydiyyata alınır, faktlar sənədləşdirilir.
Bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb.
Eldar Səmədov bildirib ki, Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfn üsulları müşahidə olunub.
“Hazırda Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Ermənistan Xocalı soyqırımı ilə bağlı məsələlərə uzun illər özünəməxsus yanaşma nümayiş etdirib. Hətta onların uydurmasına görə, mülki əhali şəhəri tərk edərkən dəhliz verilib. Bu gün yol kənarında tapılan bu fakt göstərir ki, heç bir humanitar dəhlizdən söhbət gedə bilməz, mülki şəxslər burada bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar. Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncələrlə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar”, - deyən E.Səmədov bildirib ki, ölkəmizə qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə dəfələrlə Ermənistana sorğular verilib, itkin şəxslərin taleyi ilə bağlı məlumatların verilməsi tələb olunub. Ermənistan tərəfi bu gün də faktları gizlətməyə davam edir. Lakin nə qədər gizlətməyə çalışsalar da, aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın törətdiyi cinayət izlərinin növbəti faktıdır.
O deyib: “Qalıqlar üzərində zorakılıq faktları aşkar görünür. Ayaq, əl, kəllə sümüklərində küt alətlərlə vurulmuş zədə izləri, sümüklərin sınması faktları var. Faktlar cinayətin törədilməsinin bariz nümunəsidir. Geyimlərdən də aşkar görünür ki, qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onlar arasında qadınlar üstünlük təşkil edir. Qazıntı davam edəcək. Torpağın aşağı dərinliklərində yenə qalıqların olduğu güman edilir. Mütəxəssislərin, xüsusilə arxeoloqların iştirakı ilə baxış keçiriləcək. Həmin qalıqlar buradan götürüləcək və müvafiq laboratoriyalarda eyniləşdirmə işi aparılacaq”.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib. Bu ilin 1 may tarixinə olan məlumata görə, Dövlət Komissiyasında Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşdüyü qeydiyyata alınıb. Onların arasında 38 uşaq da var. 42 nəfər hərbçi, digərləri isə mülki şəxslərdir.
Dövlət Komissiyasının rəsmisi əlavə edib ki, ötən ilin fevralında da Xocalı şəhərində kütləvi məzarlıq aşkarlanmışdı: “Qaladərəsi ərazisində Xocalı soyqırımına aid olduğu ehtimal edilən daha bir kütləvi məzarlıq da üzə çıxarıldı. Xocalı şəhərində ötən ilin fevralında aşkarlanan kütləvi məzarlıqda 18 nəfərə aid meyit qalığı aşkarlandı. Onlardan 10 nəfərini eyniləşdirib, ailələrinə təhvil vermişik. Digərlərinin də eyniləşdirmə prosesləri davam etdirilir”.
XQ