Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Culfa rayon İcra Hakimiyyətinin birgə təkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq-toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Rayonun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə qərargahı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların cəlb olunduğu məşqin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması olub.
Plana əsasən rayonunda “şərti” zəlzələ baş verib. Bu səbəbdən rayon ərazisində “şərti” dağıntılar olub, hadisə nəticəsində “ölən” və “xəsarət” alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib.
Əvvəlcə əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub, ilkin baxış və kəşfiyyat aparılıb. Mülki müdafiə kəşkfiyyatı aparılıb, hüquq-mühafizə orqanları tərəfindən ərazinin mühafizəsini təşkil olunub. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alınıb. Sonra fövqəladə hal zamanı yarana yanğınlar söndürülüb və xəsarət alan insanlar təxliyə olunub.
“Şərti” zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin edilib.
Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb, qəza-bərpa dəstələrinin fəaliyyəti yoxlanılıb və epidemiya əleyhinə tədbirlər görülüb.
Mülki müdafiə məşqinə ümumilikdə 250-dən artıq şəxsi heyət və 54-dən artıq texnika cəlb olunub.