Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.
Təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksəksəviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb.
Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin, ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin energetika nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.
Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək media nümayəndələrinin suallarını cavablandırıblar.
***
Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metani ilə görüşüb. Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Görüşdə Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə də siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub. Tərəflər Yaxın Şərqdə, xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.
Əhməd Metani görüşə görə təşəkkür edib, səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
XQ