Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF 2025) başa çatıb.
Beynəlxalq məclisin yekununda Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransı keçirib.
Forumun işini yüksək qiymətləndirən nazir tədbirin sadəcə, geosiyasi məsələlər deyil, bəşəri problemlərə də ev sahibliyi etdiyini deyib: “Üç gün ərzində burada irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə olundu. Forum əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirildi. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etdilər. Bütün bunlar forumumuzun birləşdirici gücünü bir daha nümayiş etdirdi”.
Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Türkiyənin XİN başçısı Azərbaycanla bağlı sualı cavablandıraraq bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə Suriya məsələsində Türkiyə ilə yaxın məsləhətləşmələr aparır. Azərbaycanla Suriyanın inkişafı, iqtisadiyyatı, infrastrukturu, təhlükəsizliyinə birlikdə nə cür töhfə verə biləcəyimizlə bağlı məsləhətləşmələrimiz davam edir. Təbii ki, bu mövzuda Azərbaycanın verdiyi və verəcəyi hər bir töhfə dəyərlidir. Azərbaycanın bu mövzuda Türkiyə ilə koordinasiyalı şəkildə apardığı siyasəti son dərəcə təqdir edirik”.
Nazir Türkiyə ilə Azərbaycanın bir çox sahədə əməkdaşlıq etdiyini, Suriyaya dəstək məsələsinin də bu əməkdaşlıqlardan biri olduğunu qeyd edib.
Azərbaycanla bağlı suallardan biri də İsrail ilə Türkiyə arasında Bakıda keçirilən görüş olub. Bunu cavablandıran nazir deyib: “Azərbaycan bizim üçün qardaş ölkədir və bu təmaslara yaradılan şəraitə görə təşəkkür edirik”.
Qeyd edək ki, üç gün davam edən IV Antalya Diplomatiya Forumuna 100-ə yaxın dövlət və hökumət başçısı, nazirlər, deputatlar, QHT-lər, dünyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat qurumlarının nümayəndələri də daxil olmaqla, dünyanın 155 ölkəsindən, ümumilikdə, 6 mindən artıq iştirakçı qatılıb. Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ADF-də iştirak ediblər.
Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib.
Azərbaycan forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub.
Xatırladaq ki, Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir.