Ceyhun Bayramovun Antalya görüşləri

post-img

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Görüşdə Azərbaycan–Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.

Artıq 4-cü dəfədir təşkil olunan Antalya Diplomatiya Forumunun beynəlxalq münasibətlər sistemində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformalardan birinə çevrildiyi qeyd olunub. Xüsusilə, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri və qeyri-sabitliyə son qoyulmasında danışıqlar və diplomatiyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycan–Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib. Münasibətlərin daha da genişləndirilməsində hər iki ölkənin liderləri arasında ən yüksək səviyyədə olan dialoqun müstəsna rolu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

***

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb.

Görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından ali və yüksəksəviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

***

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Tərəflər Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

***

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksəksəviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

***

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər naziri Jan Mari Traore, Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə də görüşüb.

XQ

Son xəbərlər