Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı ilə Manqistau vilayəti daxili işlər departamentinin rəisi Saqindik Ayaqanov arasında görüş keçirilib.
Görüşün əvvəlində S. Ayaqanov A.Süleymanlını salamlayaraq onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
A.Süleymanlı qəbula görə təşəkkür edib, dövlətlərimizin strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu, xalqlarımız arasında tarixi, mədəni, dini və dil əlaqələrinin, eləcə də ənənəvi dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu diqqətə çatdırıb.
Baş konsul son illərdə hər iki dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq bütün sahələrdə dinamik inkişaf müşahidə olunduğunu, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdiyini söyləyib.
A.Süleymanlı ikitərəfli münasibətlər, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylər, qabaqcıl təcrübə və operativ məlumat mübadiləsi, eləcə də yaradılmış normativ-hüquqi baza ilk növbədə xalqlarımızın və dövlətlərimizin maraqlarına, regionda təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini bildirib.
Baş konsul Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı göstərilən operativ köməyə görə ölkə rəhbərliyinə və Polis Departamentinin rəisinə minnətdarlığını bildirib, qeyd edib ki, Azərbaycan xalqı qardaş qazax xalqının bu köməyini heç vaxt unutmayacaq.
S.Ayaqanov bildirib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş, dost və qardaş dövlətlərdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır və ölkələrimiz iki müstəqil dövlət olaraq həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau