Martın 12-də Bakı Dövlət Universitetində (BDU) Türkiyə Cümhuriyyətinin müstəqillik simvolu olan Milli Marşın qəbul edilməsi və Mehmet Akif Ərsoyun anım günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən BDU-nun prorektoru professor Fərda İmanov Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. O, iki ölkənin tarixi, mədəni və elmi sahələrdə bir-birinə yaxın olduğunu qeyd edərək deyib: “Dilimiz, dinimiz və tariximiz bizi birləşdirir. Azərbaycan-Türkiyə münasibətləri dünya üçün nümunədir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’’ sözləri bu birliyin əsasını təşkil edir. Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub və 2020-ci ildə Vətən müharibəsi zamanı siyasi və mənəvi dəstəyini tam gücü ilə hiss etdik. 2021-ci ildə Şuşada imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri daha da möhkəmləndirdi. BDU hazırda dünyanın 100-dən çox universiteti ilə əməkdaşlıq edir və onların əksəriyyəti Türkiyə universitetləridir”.
Universitetin şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Bakı Yunus Əmrə İnstitutunun Azərbaycanda 10 ildən artıqdır fəaliyyət göstərdiyini və bu müddət ərzində müxtəlif mədəni tədbirlərin təşklini diqqətə çatıdırıb.
O, Mehmet Akif Ərsoyun ədəbi mirasının önəmini vurğulayıb. “Hər bir yazıçı özündən sonra əsərləri ilə yaşayır. Mehmet Akif Ərsoy da İstiqlal Marşı ilə daim xatırlanır. Onun ifadələri Azərbaycan Milli Himni ilə də səsləşir və bu, iki xalqın duyğularının bənzərliyini göstərir. Azərbaycan və Türkiyə eyni dili və mədəniyyəti paylaşan xalqlar olaraq qırılmaz bağlarla bir-birinə bağlıdır”.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Güvən Çolak iki dövlət arasındakı sıx münasibətlərin əhəmiyyətindən söhbət açıb.
“Anadolu ilə Xəzərin əli bir-birini sıx tutur. Sərhədlərə baxmayaraq, könül dostluğu həmişə qalır. Buna görə də hər iki ölkənin insanları bir-birinə “qardaş” deyə xitab edir”,- deyə o əlavə edib.
Türkiyəli yazıçı Bəşir Ayvazoğlu, türkoloq, professor Elman Quliyev və tarixçi Telman Nüsrətoğlu İstiqlal Marşının tarixi, bədii və siyasi əhəmiyyətindən danışaraq onun istiqlal mübarizəsini əks etdirən dəyərli əsər olduğunu söyləyiblər.
Tədbirin sonunda BDU-nun Filologiya fakültəsinin tələbələri Türk ədəbiyyatına məxsus şeirləri səsləndiriblər.