Azərbaycan Balkan ölkələrinin enerji təhlükəsizliyində strateji mövqeyini gücləndirir

post-img

Azərbaycanın yürütdüyü xarici siyasət kursu onu göstərir ki, ölkəmiz yalnız geopolitik mövqe üstünlüyü və iqtisadi imkanları ilə deyil, eyni zamanda çevik diplomatik gedişləri ilə qlobal arenanın əsas oyunçularından birinə çevrilib. Bu məsələdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin qətiyyətlə beynəlxalq ədalətə söykənən liderlik statusu da heç şübhəsiz mühüm rol oynayır. Artıq tək regionda deyil, bütövlükdə dünyada Azərbaycanın dövlət olaraq gücü ilə Prezidentin liderlik üstünlüyünün vəhdəti bütün dövlətlər tərəfindən qəbul olunur, bu amillə hesablaşırlar. Beynəlxalq müstəvidə ciddi çəkisi olan dövlətlərin ən yüksək səviyyədə ölkəmizə rəsmi səfərləri, diplomatik təmaslar qeyd olunanların təsdiqidir. Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri də bu reallığı bir daha təsdiqləmiş oldu.

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Bu mənada Prezident Qordana Silyanovska-Davkovanın Bakıya səfəri simvolik və  əhəmiyyətli idi. Ölkələr arasında diplomatik əlaqələr 1995-ci ildən qurulsa da, ötən müddət ərzində iqtisadi-ticari əlaqələr istənilən səviyyədə inkişaf etməyib. Prezident İlham Əliyev bu məqama xüsusi toxunaraq qeyd etdi ki, Şimali Makedoniya Prezidentinin səfərindən sonra bu boşluq doldurulacaq.

Ümumiyyətlə, Şimali Makedoniya və Azərbaycan müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı fəal şəkildə genişləndirirlər. Martın 9-da bu ölkənin daxili işlər naziri Pançe Toşkovskinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri hər iki dövlətin daxili işlər nazirlikləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, 14 noyabr 2024-cü ildə Şimali Makedoniyanın dövlət enerji şirkəti ESM və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında Şimali Makedoniyada enerji sabitliyinin gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq təbii qaz üçün əlçatanlığı yaxşılaşdırmaq və təchizat variantlarını genişləndirmək və rəqabətqabiliyyətli qiymətlərlə sabit tədarükün təmin edilməsi məqsədi daşıyır. Bu səfərlər və müzakirələr hər iki ölkənin siyasi, enerji sahələrində əməkdaşlığı dərinləşdirmək istəyini əks etdirir ki, bu da ikitərəfli münasibətlərin və regional sabitliyin möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verə biləcək iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər. Bu dialoq Azərbaycanın Balkan regionu ölkələri üçün strateji tərəfdaş kimi əhəmiyyətini vurğulayır. 
Xüsusilə qeyd etmək zəruridir ki, Şimali Makedoniya Azərbaycan qazını alan növbəti Avropa ölkəsi olub.  Bu, ötən ilin sonlarında baş verib və Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək. Buna görə də, əminliklə deyə bilərik ki, TAP layihəsi Şimali Makedoniyanın enerji təhlükəsizliyini gücləndirir və qaz təchizatını şaxələndirməyə imkan verir. Məhz Azərbaycan qazının idxalı ölkənin enerji bazarında likvidliyi artırır və təchizat mənbələrinin diversifikasiyasına şərait yaradır. 

Hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyəti gücləndirməyə hazır olduğunu bildirirlər. Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələblərinin ləğvi bu istiqamətdə atılan addımlardan biridir. Ölkələr arasında investisiyaların qorunması və ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər imzalanıb ki, bu da iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bundan əlavə, Azərbaycan Şimali Makedoniya üçün qaz və bərpa olunan enerji təchizatı sahəsində cəlbedici tərəfdaşa çevrilir, birgə layihələr üçün yeni imkanlar açır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlər qarşılıqlı hörmətə və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyinə əsaslanan müsbət dinamika nümayiş etdirir. 
Bir sözlə, prezidentlər İlham Əliyev və Qordana Silyanovska-Davkova arasında keçirilmiş görüş ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamaqla yanaşı, ölkələr arasındakı əlaqələrin tarixində yeni səhifə açır.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı



Siyasət