Azərbaycan multikulturalizmi canlı dostluq məktəbidir

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verib. Martın 10-dək davam edəcək məktəb Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək.

Bu barədə XQ-yə məlumat verən mərkəzin şöbə müdiri Yadigar Məmmədli bildirdi ki, bu dəfəki qış məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən olan 25 tələbə iştirak edir.

İştirakçılar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Ulu öndərin məzarı önünə tər güllər düzüblər. Şəhidlər xiyabanı da ziyarət edilib.

Sonra məktəb iştirakçıları Quba rayonuna yola düşüblər. Burada keçirilən məşğələlərdə dinləyicilərə Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək.

“Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya – Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında məruzələri Azərbaycan İlahiyyat İnstitutunun şöbə müdiri Anar Qafarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, AZƏRTAC-ın şöbə müdiri Esmira Tağıyeva təqdim edəcəklər.

İştirakçılar üçün “Öz xalqını təqdim et” movzusunda musiqili axşamlar da təşkil olunacaq. Dinləyicilər isə öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.

Quba və Qusar rayonlarına ekskursiyaların marşrutu Soyqırımı Memorial Kompleksindən, yəhudilərin yaşadıqları Qırmızı qəsəbədən, müxtəlif xalqların dini ibadətgahlarından və tarixi abidələrdən keçəcək.

R.TAHİR
XQ

Son xəbərlər