Bakıda “Daha ədalətli bir dünya mümkündür” movzusunda media müzakirəsi
Bakıda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı, ölkəmizin media qurumları təmsilçilərinin iştirakı ilə “Daha ədalətli bir dünya mümkündür” movzusunda toplantı keçirilib.
Məclisdə əvvəlcə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun onlayn çıxışı səsləndirilib. O, BMT-nin fəaliyyətindəki problemlərdən danışaraq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq aləmdə geniş əks-səda doğurmuş “Dünya beşdən böyükdür” bəyanatı BMT-də ciddi islahata ehtiyac olduğunun mötəbər ifadəsidir.
Qardaş ölkə rəsmisi daha sonra qeyd edib ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi 20 fərqli ölkədə "Stratcom Public Forum" çərçivəsində təşkil edilən tədbirləri dəstəkləyir: “BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü Bakı müzakirəsinin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.
Açılış mərasimində toplantının hədəfinin BMT-nin dünya düzənində rolunun yüksəldilməsi ilə bağlı müzakirə aparmaq olduğununu söyləyən Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib ki, beynəlxalq sistem qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşıb: “Beynəlxalq təşkilatların əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etmək olsa da, elə bir hal yaranıb ki, onlar qarşıdurmaları qızışdırmağa, gərginliyin artmasına xidmət edirlər. Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var”.
“APA media qrup”un baş direktoru Vüsalə Mahirqızı ədalətli dünyanın qurulmasında medianın rolundan danışıb: “Bəzi hallarda medianın dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açması təəssüf doğurur”. Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrdən bəhs edib.
Məclisin davamında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasətindən danışaraq qeyd edib ki, dünya siyasətinin kökündə ədalət, hüquq və diplomatiya dayanır: “Bu baxımdan Azərbaycan–Türkiyə dostluq və qardaşlıq əlaqələri beynəlxalq aləm üçün bir nümunədir”. Türkiyəli professor Nurəddin Acır isə bildirib ki, beynəlxalq aləmdə haqsızlıqla ən çox Türk və İslam dünyası üzləşir: “Türk dövlətləri nə qədər güclü olarsa, dünyada sülh də o qədər möhkəm olar”.
Konfrans panel müzakirələrlə davam edib, sonda iştirakçıların sualları cavablandırılıb.
T.RÜSTƏMLİ,
N.ƏHMƏDOV
XQ