AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər)” adlı üçcildliyinin təqdimatı keçirilib.
Mərasimi giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə qeyd edib ki, müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlıq gətirib.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli bildirib ki, müəllif tədqiq etdiyi mövzular arasında məharətlə məntiqi ardıcıllıq yarada bilmiş, Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli təhlil etmişdir. Milli Məclisin deputatı Hikmət Babaoğlu Faiq Ələkbərlinin üçcildliyini milli birliyimizi, bütövlüyümüzü ifadə etmək və Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmli tədqiqat əsəri adlandırıb.
Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, nəşrin elmi redaktoru, fəlsəfə elmləri doktoru Rafail Əhmədli bildiriblər ki, Faiq Ələkbərlinin kitabları bütöv Azərbaycan fəlsəfi tarixini öyrənmək baxımından zəngin elmi qaynaqdır.
Siyasi elmlər doktoru Ramilə Dadaşova, fəlsəfə doktorları Məhəmməd Cəbrayılov, Şölət Zeynalov, Vaqif Abışov, Aygün Xəlilqızı, Zeynəddin Şabanov, Əzizağa Ələkbərov, BDU-nun müəllimi Elçin Sərdarov və digər iştirakçılar müəllifi təbrik edərək kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Sonda Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib.
Namiq QƏDİMOĞLU
XQ