Bakıda Psixi Sağlamlıq Forumu keçirilib

post-img

Yeni Klinikada Ombudsman, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində Psixi Sağlamlıq Forumu keçirilib. Forumun təşkilində məqsəd psixoloqların elektron qeydiyyatının təşkil olunmasıdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə psixoloji sağlamlıq sahəsinin təcrübədə problemlərlə müşayiət olunan və dəstək tələb edən məsələ olduğunu bildirib: "Uzun illər bu xidmət sahəsində çalışan şəxslərin qeydiyyatının aparılması, qanunvericilik əsasında bu mövzunun müzakirəsi məsələsi nəinki bizi, bu sahədə çalışan şəxsləri, bu xidmətə ehtiyacı olan şəxsləri maraqlandırır. Bu sahədə təcrübədə çətinliklər qalır, kifayət qədər insan keyfiyyətli psixososial xidmətlərə ehtiyac duyur. Təcrübəli psixoloqların dəstəyinə ehtiyacımız var. Bu gün müzakirə etdiyimiz məsələlər qeyd olunan çətinliklərin aradan qaldırılmasına töhfə verəcək".

TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva bildirib ki, proqram çərçivəsində həkimlərin təlimlərə cəlb olunması nəzərdə tutulub: "Hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin, eləcə də uşaqların psixi sağlamlığının təşkilinə diqqətlə yanaşırıq. 100-dən çox tibb müəssisəsində psixoloqlar fəaliyyət göstərir Qısa müddətdə qəbul imtahanlarından öncə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək məktəblərdə abituriyentlərə psixoloji yardıma başlayacağıq".

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli bildirib ki, psixoloqların elektron bazasının formalaşması sistemi bu günə qədər bu sahədə fəaliyyət göstərən bütün insanlara töhfə verəcək. Eyni zamanda, peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq: "Psixoloqlar elektron kabinetdən keçərək fəaliyyət göstərə biləcəklər. Psixoloqların yanlış məlumat yayması, qeyri-ixtisas şəxslərin cəmiyyətə özlərini psixoloq kimi təqdim etməsi kimi problemimiz var. Bu gün vətəndaş peşəkar psixoloqu axtardığı zaman tapa bilmir. Elektron baza yaratdıq ki, buna da dövlət orqanlar nəzarət edəcək".

Forumda psixi sağlamlıq sahəsi üzrə əhəmiyyətli müzakirələr aparılıb və bu sahədəki yeniliklər haqqında məlumat verilib.

Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı psixiatriya xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və həkim heyəti, psixologiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Son xəbərlər