Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbərliyinin görüşü keçirilib.
Görüşdə iştirakçılara təşkilatın fəaliyyəti, məqsəd və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Son iki il təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş olunub.
BTQ-nin rəhbəri Abbas Abbasov son vaxtlar təşkilatın saytına və sosial şəbəkə profillərinə kütləvi kiberhücumlar olduğunu, xarici müdaxilələrin həddindən çox artdığını bildirib. Bu xüsusda, xarici müdaxilələri əks etdirən və real faktlar əsasında hazırlanmış video jurnalistlərə təqdim edilib.
Görüşdə, Fransa rəsmilərinin və bu ölkənin media qurumlarının Azərbaycan və BTQ əleyhinə məqsədli şəkildə səsləndirdiyi qərəzli və qeyri-obyektiv tezislərə cavablar verilib. A.Abbasov xarici jurnalistlərin səfərinin təşkili məqsədlərindən birinin bu qərəzli ittihamların həqiqəti əks etdirmədiyini əyani sübuta yetirmək olduğunu bildirib.
Qeyd edək ki, 12 xarici media nümayəndəsi səfər çərçivəsində çoxsaylı görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlərə cəlb ediləcəklər.
XQ