Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.
General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.
Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.
Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.
Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.
Şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb.
Kollegiyanın gedişində vəzifəli şəxslərin 2024-cü ilin yekunları və perspektiv planlara dair fikir və təklifləri dinlənilib.
2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.
Yekunda çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını doğruldacağını əminliklə vurğulayıb.