Ölkə üzrə 1685 bələdiyyə var, yanvarın 29-da keçiriləcək seçkilərdə bələdiyyələrə 8 min 71 üzv seçilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir. Bu da bir ilkdir: “Ötən seçkilərdə siyasi partiyalar bələdiyyə seçkilərinə o qədər ciddi yanaşmırdılar. Lakin bu seçkilərdə 23 siyasi partiya iştirak edir.
Biz 70 mindən artıq müşahidəçi qeydə almışıq. Xarici müşahidəçilər qeydiyyata alınmayıb. Hesab edirəm ki, səsvermə günü aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik və yanvarın 29-u axşam və yanvarın 30-da ilkin nəticələri ictimaiyyətə çatdırmağa çatdıracağıq. Bələdiyyə seçkilərində bu məsələ bir az çətindir, çünki namizədlərin və seçilənlərin sayı çoxdur”.