Milli Məclisin plenar iclası

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

Parlament sədri “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğradığını xatırladaraq həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Sonra gündəlikdə yer alan 17 məsələnin müzakirəsi başlayıb.

İlk 3 məsələnin beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olub. Bu sənədlər “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılaraq qəbul edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq olunması, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təqdim edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Qanun layihələri səsə qoyularaq qəbul olunub.

Sonra Sahibə Qafarova gündəliyin növbəti 8 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Plenar iclasda iştirak edən xarici işlər nazirinin müavini Elnur Məmmədov “Diplomatik xidmət haqqında” mühüm əhəmiyyət kəsb edən qanun layihəsini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edən ölkə Prezidentinə diplomatik xidmət orqanları əməkdaşları adından təşəkkürünü ifadə edib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib.

Həmin qanun layihələri də səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti iki məsələnin mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, bu qanun layihələrinə parlamentin üç komitəsində baxıldığını qeyd edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri Əli Hüseynli Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə söhbət açaraq, bu sənəddə əlavə heç bir dəyişikliyin olmadığını deyib.

Sənədlər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin növbəti 6 məsələsi ikinci oxunuşda qanun layihələri olub.

Komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatı təqdim edib.

Gündəliyin 14-cü məsələsi olan “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi komitə sədri Azər Əmiraslanov məlumat verib.

Növbəti məsələ barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “yüksəkixtisaslı miqrant” anlayışının Miqrasiya Məcəlləsinə gətirilməsi ilə əlaqədardır.

Gündəliyin 16-cı məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri Azər Əmiraslanov bildirib ki, sənədin birinci oxunuşunda ətraflı məlumat verilib.

Gündəliyin sonuncu məsələsi olan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Adıçəkilən qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

XQ

Son xəbərlər