Türk dövlətlərinin iqtisadi əməkdaşlığı genişlənir

post-img

2023-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qarşılıqlı ixracının dəyəri 38 milyard ABŞ dolları təşkil edib. Bu da 2022-ci illə müqayisədə 22,6 faiz çoxdur. Bu fikri Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı ölkələrinin bir-birinə göndərdikləri mallar onların ümumi ixracında payını 6,8 faizə yüksəldib. O deyib ki, bu ümidverici göstərici sayılsa da, gözlənilən səviyyədən aşağı olaraq qalır: “Beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüşlərimizdə həmişə bizdən soruşurlar ki, niyə türk dövlətləri arasında ticarət dövriyyəsi aşağı səviyyədədir? Onlara cavab verməyə və izah etməyə çalışırıq ki, Sovet İttifaqı dövründə iqtisadi model yüksək dərəcədə mərkəzləşdirilib. Respublikalar, əsasən, konkret sənaye və yaxud kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşıb. Bu, birtərəfli iqtisadi sistemə gətirib çıxarıb. Bəzi respublikalar ağır sənayeyə, digərləri kənd təsərrüfatına və xammal hasilatına yönəldilib. Bu ixtisaslaşma şaxələndirilmiş ticarətə həvəsi azaldıb”.

Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarətin aşağı səviyyədə olmasının əsas səbəblərindən birinin nəqliyyat, logistika, gömrük və bu kimi amillərlə bağlı yüksək xərclərlə əlaqədar olması qənaətinə gələn fond rəhbəri qeyd edib ki, coğrafi yaxınlığa görə Mərkəzi Asiya ölkələri təbii olaraq Çin və Rusiya ilə daha çox ticarət əməliyyatları aparırlar. Bununla belə, ticarət və investisiyaların qardaş ölkələr arasında əlaqələrin əsasını təşkil edəcəyini vurğulayan B. Amreyevin sözlərinə görə, daha yaxşı inteqrasiya olunmuş nəqliyyat, enerji şəbəkələri, eləcə də təkmilləşdirilmiş mobillik, logistika və müştəri xidmətlərindən daha çox faydalanmaq lazımdır: “Bu səbəbdən problemləri daha da azaltmaq üçün səy göstərilir. İqtisadiyyatlarımız və cəmiyyətlərimiz dərin texnoloji-rəqəmsal transformasiyadan keçir və bu sahədə fəaliyyətimizi mərkəzləşdirməliyik”, – deyə o əlavə edib.

 

İqtisadiyyat