Dekabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Görüş zamanı Baş katib bir daha “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, həlak olanların ailələrinə səbir diləyib.
Nazir Ceyhun Bayramov öz növbəsində TDT və Baş katib tərəfindən faciənin ilk anından başsağlığı məktubları və bəyanatlarına görə minnətdarlığını bildirib. Nazir təşkilat çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ