AZƏRTAC Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq yaradır

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova dekabrın 27-də AZƏRTAC-da olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşən Aktotı Raimkulova “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyini bildirib, dərin hüznlə başsağlığı verib.

Görüşdə AZƏRTAC-ın keçdiyi tarixi yola nəzər salınıb və agentliyin Türk dünyasının birliyi naminə həyata keçirilən bütün layihələrə verdiyi informasiya dəstəyi yüksək qiymətləndirilib.

Vüqar Əliyev qeyd edib ki, türk dövlətlərinin informasiya agentliklərinin birgə əməkdaşlığı ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir. Bu əməkdaşlıq ölkələrimizin siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə məlumat verən Aktotı Raimkulova gələcək planlar barədə danışıb. Rəhbərlik etdiyi qurumun Prezident İlham Əliyevin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladan A.Raimkulova deyib: “Hazırda dövlət başçılarının tapşırığına əsasən, fond Türk dünyasının ortaq mədəni abidələrinin yenidən qurulması və bərpası işlərini aparır, UNESCO-nun çoxmillətli nominasiyalarına təqdim olunacaq layihələrə dəstək həyata keçirir”.

O qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Bu, təkcə ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil, kataloq, həmçinin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bildirib ki, kataloqun hazırlanması üçün nüfuzlu elm xadimlərindən və mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılıb. Mütəxəssislərin köməyi ilə çox mühüm nümunələr seçilərək kataloqa daxil ediləcək. Bu abidələr sırasında məhv olmaq təhlükəsi ilə üzləşən və ya artıq yox olanlar, o cümlədən Qarabağda dağıdılmış maddi-mədəniyyət nümunələri də var.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə AZƏRTAC-ın birgə layihələr reallaşdırması, həmçinin hər iki qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması məsələləri də müzakirə olunub.

 

Son xəbərlər