Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurlu evsahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
***
Dünən Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Milos Vuçeviç ilə görüşüb.
Söhbət zamanı Azərbaycan və Serbiya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyini vurğulayıb.
İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu qeyd edilib. Energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, münasibətlərin perspektivlərinə toxunulub.
***
Həmin gün Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Söhbət zamanı parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda eyni zamanda, ölkələrimizin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.
Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edilib, Serbiyanın ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Həmçinin beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın dəvəti əsasında işgüzar səfəri çərçivəsində bu ölkənin səfirlər müşavirəsində iştirak və çıxış edib.
Nazir Azərbaycan–Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar, eləcə də təhdidlər və onlarla mübarizədə ortaq yanaşmalardan ətraflı bəhs edib.
İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşaxəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub. Yaşıl enerji sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.
***
Ceyhun Bayramov daha sonra Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb.
Geniştərkibli görüş zamanı nazirlər Azərbaycan–Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Serbiyanın “Expo 2027” tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan nüfuzunun göstəricisi olduğu vurğulanıb. Qarşı tərəf işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə də ətraflı məlumatlandırılıb.
Mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
XQ