Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Gənclər və İdman nazirinin müavini Mariana Vasileva bütün idmançılara təmiz qələbə arzulayıb. Konfransa onlayn formatda qoşulan Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka Azərbaycanın olduqca önəmli tədbirə evsahibliyi etdiyini bildirib. Bu yığıncağın əsas hədəfinin Azərbaycanla yanaşı, digər ölkələrdə də dopinqə qarşı mübarizənin inkişafına töhfə verəcəyini deyən V.Banka konfransın gələn il ilk dəfə Asiya ölkəsində - Cənubi Koreyada keçiriləcəyini də diqqətə çatdırıb.
AMADA-nın icraçı direktoru Təhminə Tağızadə isə 2024-cü ili agentlik üçün uğurlu hesab edib. O, il ərzində mindən çox dopinq testinin aparıldığını, 50-dən çox seminar və vebinarın təşkil olunduğunu və 2 mindən çox iştirakçının antidopinqlə bağlı məlumatlandırıldığını vurğulayıb.
Konfrans çərçivəsində AMADA və “Gilavar” Foto Klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.
S.FİDAN
XQ