Dekabrın 14-də Şəki şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransı keçirilib.
XQ xəbər verir ki, konfransda Gənclər Fondunun icraçı direktor müavini vəzifələrini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın nümayəndə heyətləri təmsil olunub.
Açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktor müavini vəzifələrini icra edən Yusif Vəliyev könüllülüyün gənclərin şəxsi və peşəkar inkişafına böyük töhfə verdiyini, Gənclər Fondunun ölkədə və beynəlxalq miqyasda könüllülük fəaliyyətinin inkişafına daim dəstək göstərdiyini bildirib. Daha sonra çıxış edən AKTİ-nin sədri Vüqar Əliyev Azərbaycanın könüllülük sahəsində qazandığı uğurlar və Azərbaycan könüllülərinin yerli və beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüsləri vurğulayıb.
Qazaxıstan Respublikasının təmsilçisi, Qazaxıstan Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aiman Nakispekova çıxış edərək Qazaxıstanda könüllülük hərəkatının inkişafı və bu sahədə atılan addımlar haqqında məlumat verib. Həmçinin, Qazaxıstanın könüllülük sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmi vurğulayıb və digər ölkələrlə təcrübə mübadiləsinin mühüm rolunu qeyd edilib. Həmçinin, A.Nakispekova 2024 – cü il ərzində Beynəlxalq Könüllülər Mərkəzinin Qazaxıstan tərəfindən görülən işlərin hesabatını təqdim edib.
Konfrans çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik edəcəyi elan olunub və təşkilatın sədrliyi müddətində həyata keçiriləcək layihələr barədə ətraflı məlumat təqdim edilib.
Konfransın ikinci hissəsində davos formatlı görüşdə moderatorun açılış nitqindən sonra, konfrans iştirakçıları hər bir ölkənin Beynəlxalq Könüllülük Mərkəzinin fəaliyyətinə dair mövqelərini təqdim ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın təmsilçiləri, könüllülük hərəkatının müxtəlif aspektlərini və bu sahədəki təcrübələrini paylaşaraq, regional əməkdaşlığın vacibliyini vurğulayıblar.
Konfransın sonunda ailə fotosu çəkilib.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.
XQ