AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın ən nüfuzlu elmi qurumu Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru professor Salvatore Arico ilə görüşüb.
Qonağı ölkəmizdə görməkdən məmnunluğunu bildirən akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin imkanlarından iqlim dəyişmələri kimi qlobal problemlərin həllində istifadə edilə biləcəyini söyləyib, bu və digər istiqamətlərdə AMEA-nın ISC ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, təklif və mülahizələrini səsləndirib. AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli qonağa Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, keçdiyi şərəfli inkişaf yolu, əldə etdiyi nailiyyətlər və son illərdə aparılan struktur islahatları barədə məlumat verib.
Professor Salvatore Arico COP29 çərçivəsində ölkəmizdə və AMEA-da olmaqdan məmnunluq duyduğunu bildirib və vurğulayıb ki, elmin təşviqi və inkişafına dəstək, elmi bilikləri daha geniş kütləyə çatdırmaq və bu biliklərin istifadəsini stimullaşdırmaq Beynəlxalq Elmi Şuranın əsas hədəflərindəndir. AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirən professor Salvatore Arico dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də Akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırıb.
XQ