Azərbaycanın BƏƏ ilə iqlim tərəfdaşlığı

post-img

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi Azərbaycan mediasına müsahibəsində bildirib ki, COP28-in böyük uğuru üzərində qurulan COP29 BƏƏ-də imzalanan iddialı qərarların həyata keçirilməsi üçün lazımi mexanizmlərin müzakirə olunması və tətbiq edilməsi üçün dəyərli bir fürsətdir.   

COP28 bütün səslərin eşidildiyi qeyri-adi inklüzivliyi ilə seçildi. Konfrans 1.5°C hədəfinin qorunmasını qarşıya mühüm vəzifə kimi qoyan  cəsarətli iqlim gündəmini diqqətə çatdıran BƏƏ Konsensusunun əldə edilməsi ilə mühüm nailiyyətə imza atdı. Bu tarixi razılaşma “net sıfır” emissiyalara nail olmaq üçün fosil yanacaqlardan keçidi təşviq edir və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin təqdim olunmasını məsləhət bilir. Bundan əlavə, iqlim maliyyəsi üçün yeni arxitekturanın qurulması istiqamətində inkişafa təkan verməklə yanaşı, 2030-cu ilə qədər bərpaolunan enerji gücünün 3 dəfə, enerji səmərəliliyinin isə 2 dəfə artırılması üçün xüsusi hədəf müəyyənləşdirir.   

BƏƏ Konsensusu bir il ərzində həyata keçirilən inklüziv diplomatik əlaqələrin və 2 həftəlik gərgin danışıqların nəticəsidir. Eyni zamanda, COP28 sədrliyinin Qlobal Dəyərləndirməyə cəsarətli cavab vermək və Paris Sazişinin əsas məqsədlərini yerinə yetirmək səylərini əks etdirir. Ümumilikdə, COP28 sədrliyi ədalətli və nizamlı enerji keçidini, iqlim maliyyəsinin əlçatanlığının artırılmasını, insan və təbiətə üstünlük verilməsini və iqlim fəaliyyətində tam inklüzivliyin təmin olunmasını vurğulayan “Fəaliyyət gündəliyi” vasitəsilə cəsarətli addımlar atdı.

COP29-un Azərbaycanda keçirildiyini nəzərə alaraq bu iqlim konfransının COP28-in impulsunu davam etdirəcəyini və Braziliyada baş tutacaq COP30-a doğru daha da irəliləyişə yol açacağını gözləyirik. Bu toplantıların birlikdə qlobal iqlim fəaliyyətinin və əməkdaşlığının əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə verəcəyinə inanırıq.   

XQ

 



Ekologiya