Noyabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.
Çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin ailəmiz hesab etdiyi Türk dünyası çərçivəsində əməkdaşlığa strateji baxışının əsasında ölkəmizin təşkilatın gücləndirilməsi istiqamətində səy və təşəbbüslərini davam etdirmək niyyəti diqqətə çatdırılıb, bu istiqamətdə TDT Katibliyinin heyət və büdcəsinin artırılmasının əhəmiyyəti qeyd olunub.
Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib.
İclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb.
XQ