Oktyabrın 28-29-da Kazan şəhərində BRICS-ə üzv ölkələrin milli statistika xidmətləri rəhbərlərinin 16-cı görüşü keçirilir. Tədbirdə qonaq qismində ölkəmizi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
Tədbir statistik istehsalın modernizasiyası, statistika peşəsinə müasir tələblər, Rusiyada və BRICS ölkələrində statistika cəmiyyətinin inkişafına dair sessiyalardan ibarətdir.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, görüş çərçivəsində rəsmi statistikanın inkişafı ilə bağlı 2030-cu il hədəflərini özündə əks etdirən milli strategiyalar, siyahıyaalmalar, dayanıqlı inkişaf məqsədləri göstəriciləri, irihəcmli məlumatlara dair BMT qlobal platforması, məlumat ekosistemində yeni inkişaf dövrü və rəqəmsal həllər, smart statistika, süni intellektdən statistik məqsədlər üçün istifadə və bu sahədə prioritetlər və problemlər müzakirə edilir.
Tədbir çərçivəsində BRICS ölkələrində birgə statistik nəşrlərin və əsas statistik göstəricilərin onlayn platformaları haqqında təqdimatların edilməsi də nəzərdə tutulub.
XQ