Özbəkistan parlamentinin Aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına seçkilərdə iştirak etmək üçün Daşkəndə gələn Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Özbəkistanda keçirilən seçkiləri müşahidə ediblər.
Məzahir Pənahov Azərbaycan nümayəndə heyətinin seçkilərldə beynəlxalq müşahidəçi kimi iştirakı ilə bağlı nikbin fikirdə olduğunu bildirib.
XQ-nin müxbiri ilə müsahibəsində Məzahir Pənahov deyib:-Əvvəla onu deyim ki, Azərbaycan seçkilərə 20 nəfərlik nümayəndə ilə qatılıb. Onların arasında Azərbaycan insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları, Müstəqil Dövlətlər Birliyinin xətti ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin rəhbərliyi ilə nümayəndələr, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Cavanşir Paşazadə, Arzuxan Əlizadə, Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə seçkiləri izləyiblər. Azərbaycandan gələnlər seçkiləri Daşkənd şəhərində və Daşkənd vilayətində, həmçinin Səmərqənd və Buxara şəhərlərində müşahidə ediblər.
Onu da qeyd edim ki, dünyanın 50-dən artıq ölkəsindən gələn 1000-dən çox beynəlxalq müşahidəçi, 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası seçki prosesini müşahidəçi kimi izləyiblər.
Onu da deyim ki, bu il Özbəkistanda parlament seçkiləri yenilənmiş Konstitusiyaya və milli seçki qanunvericiliyinə əsasən, ölkə tarixində ilk dəfə olaraq qarışıq majoritar-proporsional seçki sistemi əsasında keçirilib. Ölkədə fəaliyyət göstərən beş siyasi partiya-Sahibkarlar və İşgüzar adamlar-Özbəkistan Liberal-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, Xalq Demokrat Partiyası və Ekoloji Partiya seçkilərdə iştirak edib.
-Məzahir müəllim, seçkiləri Daşkənd şəhərində izləmisiniz, təəssüratlarınız necədir?
-Seçkilər beynəlxalq standartlara və normalara, milli seçki qanunvericiliyinə və bu sənəddə əksini tapan demokratik, açıq, şəffaf və ədalət prinsiplərinə uyğun olaraq vətəndaşların fəal iştirakı ilə keçirilib. Onu da deyim ki, Özbəkistanda demokratiya prinsiplərini gücləndirən islahatlar davam edir. Oktyabrın 27-də keçirilən seçkilər bunu əyani şəkildə nümayiş etdirdi.
Daşkənd şəhərinin ayrı-ayrı seçki məntəqələrində ölkə tarixində ilk dəfə olaraq elektron səsvermə eksperimental qaydada təşkil edilərək həyata keçirilib. Seçki prosesinin real vaxt rejimində (onlayn) video yayımı məqsədilə müvafiq texniki tələblərə uyğun olaraq rayon və şəhərlərdəki seçki məntəqələrində videokameralar quraşdırılıb.
-Səfər çərçivəsində Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevlə də görüşmüsünüz...
-Bəli, Ali Məclisə seçkilərin yüksək səviyyədə təşkili üçün əvvəla onu təbrik etdim. Görüşdə Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, əlaqələrin bundan sonra da yüksələn xəttlə dərinləşməsinə əminlik ifadə olundu. Söhbət zamanı qeyd edildi ki, Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin şəxsi dostluq əlaqələri dövlətlərimiz və xalqlrımız arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə təkan verib. Biz Türk Dövlətləri Təşkilatının üzvü kimi də əməkdaşlıq edirik və ümid edirəm ki, bu istiqamətdə də uğurlarımız bol olacaq.
Müsahibəni apardı:
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd