Londonda oktyabrın 27-də kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutan turnir 8 Noyabr – Zəfər Gününə həsr edilib.
İdman yarışında Konqodan olan Tresor Pupanqa polşalı rəqibi Patrik Czarta qalib gələrək “Immortal Champions”un Britaniya çempionu titulunu qazanıb.
Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə yüksək əzmkarlıq göstərərək rəqibinə qalib gəlib və "Immortal Champions"un Avropa çempionu titulunu qazanıb. İdmançımız bu qələbəsini Vətən müharibəsində əldə olunan tarixi zəfərə həsr etdiyini bildirib.