Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRICS Sammiti çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq istiqamətləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.
İki ölkə arasında mövcud siyasi dialoqun daha da inkişafı istiqamətində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə prioritetlərə uyğun olmadığı, bu xüsusda iqtisadi-ticari əlaqələrin inkişafı istiqamətində mövcud imkanlardan istifadə olunmasının vacibliyi qeyd edilib.
COP29 çərçivəsində aparılan danışıqlar prosesi, irəli sürülən sədrlik təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov COP sədrliklərinin Üçlüyü (“Troyka”) formatında əməkdaşlığın prosesin davamlılığının təmin olunması istiqamətində əhəmiyyətini vurğulayıb. COP29 sədrliyimizin əsas prioritetlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin cəlbi istiqamətində əhəmiyyətli tərəqqinin əldə olunmasına dair ümidvarlıq ifadə edilib.
XQ