BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 22-də “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirilib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxışında BTQ-nin əsas məqsədinin Fransa, Niderland və digər ölkələrin apardıqları müstəmləkəçilik siyasətinə son qoymaq, insanları bu ağır boyunduruqdan xilas etmək, yerli əhalinin əsas azadlıqlarına nail olmalarına kömək göstərmək olduğunu vurğulayıb.
Müstəmləkəçiliyə qarşı mübarizəsi ilə bütün dünyada tanınan siyasi fəal Kemi Seba çıxışında bu yaxınlarda Fransa polisi tərəfindən qanunsuz saxlanılması, polisin onunla kobud rəftar etməsi barədə məlumat verib. Bildirib ki, Fransa hökuməti onu 72 saat
həbsdə saxlamaqla səsini boğmağa çalışıb.
Yeni Kaledoniyanın FLNKS partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia çıxışında Kaledoniyada dinc nümayişlərin işgəncəyə çevrildiyini, bütün ictimai fəalların Fransa polisi tərəfindən həbs olunduğunu deyib.
Niderland Krallığının müstəmləkəsi olan Boner adasının İnsan hüquqları təşkilatının prezidenti Davika Bissessar-Sau adada baş verən ciddi insan hüquqları pozuntularından danışıb. Diqqət çatdırıb ki, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz qoyulur, bu zaman həddindən artıq dozadan istifadə edilir. Bu, yerli əhalinin sayının azalması üçün planlı şəkildə aparılır.
Qviananın “Dekolonizasiya və sosial emansipasiya” partiyasının nümayəndəsi Sindi Polü Fransanın Avropa sosial hüquqlar xartiyasının müddəalarını müstəmləkəyə çevirdiyi ərazilərdə tətbiq etmədiyini bildirib. Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel müstəmləkəçiliyin bəşəriyyət tarixində dərin yara, milyonlarla insanın həyatını darmadağın edən və sivilizasiya adı altında sərvətləri talayan hökmranlıq sistemi olduğunu, təəssüf ki, hələ də davam etdiyini vurğulayıb.
Sonda iştirakçılar üzərində “Fransa müstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinib və əllərində plakatlarla BMT-nin Cenevrə ofisinin binası qarşısında dinc aksiya keçiriblər.
BMT-nin həyətindən çıxan konfrans iştirakçıları bu təşkilatın qarşısındakı küçədə aksiya keçirən kanaklara qoşulublar.
Qeyd edək ki, konfransda Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Boner, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak ediblər.
XQ