Oktyabrın 22-də Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib.
Tədbirdə Azərbaycanın və Gürcüstanın akademik dairələrinin, beynəlxalq münasibətlərin təhlili və araşdırma mərkəzlərinin rəhbərləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış edərək, Azərbaycanın və Gürcüstanın təkcə region üçün deyil, dünya üçün mühüm geosiyasi əhəmiyyətə malik olduqlarını söyləyib. Deyib ki, son iki ildə regionda vəziyyət demək olar tamamilə dəyişib. Hazırda Azərbaycan kommunikasiyaların açılması, region dövlətlərinin heç birinin təzyiqlərə məruz qalmaması və bir-birinə qarşı ərazi iddialarının olmaması, sülhün və təhlükəsizliyin tam bərqərar edilməsi istiqamətində çox mühüm addımlar atıb. Lakin Ermənistanın ədalətsiz mövqeyi yenə də işləri çətinə salır. Ona görə də bu cür tədbirlər daha intensiv olmalı, vəziyyətin normallaşması üçün yollar axtarılmalıdır.
“Xalqın gücü” partiyasının üzvü, analitik David Kartvelişvili, Qafqaz Universitetinin kafedra müdiri, professor Mamuka Areşidze, müstəqil ekspert Fuad Çıraqov, siyasi elmlər namizədi Soso Mancavidze, politoloq Tamar Kiknadze mövzu ətrafında fikirlərini bölüşüblər.
Çıxışlarda Cənubi Qafqaz ölkələri arasında iqtisadi, ticari əlaqələrin bərpası, yeni kommunikasiyaların açılması məsələləri ətrafında müzakirələr aparılıb, bu ölkələrdə istehsal olunan malların satışı üçün vahid bazarın yaradılması barədə fikirlər səslənib.
XQ