Oktyabrın 21-də Cenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
İkigünlük konfransda Azərbaycanı Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Konfrans çərçivəsində əvvəlcə "15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü və "Pekin+30" regional baxış görüşü çərçivəsində Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması" mövzusunda yan tədbir keçirilib. Tədbirin moderatoru - BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.
Bahar Muradova çıxış edərək Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının ciddi dəyişikliklərə səbəb olduğunu, gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını, qadınların hüquqlarının qorunması və onların iqtisadi səlahiyyətlərinin artırılması üçün geniş imkanlar açdığını vurğulayıb.
B.Muradova qeyd edib ki, son 30 ildə biz sosial-siyasi dəyişikliklərin, müharibə və münaqişələrin, texnogen və iqlim fəlakətlərinin şahidi olduq. Buna baxmayaraq, bu çağırışlarla yanaşı, tərəqqi və texnoloji yeniliklər tərəfdaşlıq üçün yeni platformalar açıb və inkişafa nail olunub.
Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq qaldığını vurğulayan komitə sədri ölkəmizdə 15-29 yaşlılar arasında kənd təsərrüfatında çalışan işçi qüvvəsinin 44,8 faizini qadınların təşkil etdiyini deyib. Bildirib ki, əhalimizin 46 faizinin kənd yerlərində yaşadığını nəzərə alan hökumət bu sahədə bir sıra yeni təşəbbüslər həyata keçirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, kənd təsərrüfatı nazirinin müavini xanım İlhamə Qədimova, “AZORGANİK” kənd təsərrüfatı istehsalı və istehlakı kooperativinin təmsilçisi Aliyə Səfərova, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Baure, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Cenevrədəki nümayəndəlik ofisinin təmsilçisi xanım Anna Ricoy kənd təsərrüfatının inkişafında qadın sahibkarların rolundan danışaraq, onlara imkanların yaradılmasının vacibliyini vurğulayıblar.
***
Həmin gün Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.