Sahibə Qafarova Tacikistanda

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Düşənbəyə səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.

Milli Məclisin sədri çıxış edərək parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova Azərbaycanın Tacikistan Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə əldə etdiyi bütün uğurları yüksək qiymətləndirdiyini bildirib.

O, möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlərimizin yaranmasında Ümummilli lider Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib. Milli Məclisin sədri prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, eyni zamanda, inkişafına mühüm töhfələrini xüsusilə qeyd edib.

Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.

***

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüşdə Tənzilə Narbayeva qarşıdakı dövrdə iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli əməkdaşlığın və sıx təmasların davam etdiriləcəyinə əminliyini bildirib.

Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb. Tərəflər ölkələrimiz arasında bir çox sahələri əhatə edən geniş əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıblar.

Söhbət zamanı dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb. Parlament sədrləri son illərdə həm Azərbaycanda, həm də Özbəkistanda keçirilən ikitərəfli görüşlərini məmnunluqla xatırlayaraq, qarşılıqlı təmasların, səfərlərin əlaqələrimizə verdiyi mühüm töhfələri vurğulayıblar.

***

Dünən Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə də görüşüb.

Senatın sədri Maulen Aşımbayev Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın ölkəsi üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu və Qazaxıstanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Sahibə Qafarova təbriklərə görə minnətdarlığını bildirərək, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladıb.

Görüşdə son illərdə parlament rəhbərləri səviyyəsində həyata keçirilən mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafına xüsusi töhfəsi qeyd olunaraq, hər iki ölkənin parlamentlərində mövcud olan dostluq qruplarının fəaliyyəti də müsbət qiymətləndirilib.

XQ

Son xəbərlər