Azərbaycan–Mərakeş əlaqələri yeni mərhələdə

post-img

Mərakeş Krallığının paytaxtı Rabatda “Mərakeş–Azərbaycan münasibətləri: tarix və çağırışlar” adlı seminar keçirilib. Məclisdə Azərbaycan ilə Mərakeş arasında əlaqələrin tarixinə və hazırkı vəziyyətinə nəzər salınıb, perspektivlər barədə danışılıb.

İbn Zöhr Universitetinin müəllimi Casim Salah ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu bildirib, iki dövlət arasında viza tələbinin ləğvinin iqtisadi mübadiləni intensivləşdirəcəyinə, birbaşa xarici investisiyaları stimullaşdıracağına və sərmayədarların fəaliyyətini asanlaşdıracağına, eləcə də turizmi təşviq edəcəyinə inandığını deyib.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli diplomatik münasibətlərin tarixindən danışıb, qəbul edilmiş ikitərəfli proqramlar çərçivəsində iqtisadi, siyasi və mədəniyyət sahələrində əməkdaşlıq üçün atılmış mühüm addımlar barədə məlumat verib.

Azərbaycan–Mərakeş Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fakiri iki ölkə arasında inkişaf edən elmi-mədəni əlaqələrə toxunub, burada qarşılıqlı səfərlərin, birgə tədbirlərin və akademik əməkdaşlıq üzrə razılaşmaların rolundan danışıb. Jurnalist Həsən əl-Yusifi iqlim dəyişikliyi mövzusunun işıqlandırılmasında medianın önəmli rolunu qeyd edib.

Seminar çərçivəsində noyabrda Bakıda keçiriləcək COP29 ilə bağlı təqdimat edilib. İqtisadçı Rizvan Həmdi çıxışında bu beynəlxalq tədbiri xüsusilə maliyyələşmə və beynəlxalq əməkdaşlıq məsələlərində əvvəlki müzakirələri davam etdirmək üçün mühüm platforma kimi qiymətləndirib.

Sonda iştirakçılar Azərbaycan ilə Mərakeş arasında diplomatik, mədəni və sosial əlaqələrin tarixinin mərhələlərini əks etdirən fotosərgi ilə tanış olublar.

XQ

Son xəbərlər