Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelərinin işğaldan azad olunan ərazilərə növbəti səfərinin ünvanı Kəlbəcər olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 2-də Kəlbəcərə səfərinin izi ilə dünən həyata keçirilən bu səfərdə nümayəndə heyətini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Diplomatik korpus nümayəndələrinin səfərinin ilk dayanacağı Suqovuşan su anbarı olub. Nümayəndə heyətinin üzvləri sonra Sərsəng su anbarında olublar. Onlara görülən işlər barədə məlumat verilib.
Sonra Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasına gələn nümayəndə heyəti müəssisənin fəaliyyəti ilə tanış olub, onun barəsində ətraflı məlumat alıblar. Bildirilib ki, stansiyanın tikintisində xarici şirkətlər də iştirak ediblər. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.
Diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini də ziyarət ediblər.
Kəlbəcərdə son dayanacaq “İstisu” mineral su zavodu olub. Burada onlara bildirilib ki, ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksək keyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir.
XQ