Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində III Üzüm və Şərab Festivalının açılışı olub.
Təntənəli açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, regionun turizm potensialı çox böyükdür. Vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir. Şamaxının poeziyası, musiqisi, xalçaçılığı, qədim tarixi abidələri, turistlərə çox yüksək səviyyədə təqdim etmək yeni layihələr icra olunacaq.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib ki, festivalın miqyası ildən-ilə genişlənəcək, beynəlxalq xarakter daşıyacaq. Azərbaycan şərabçılıq, eləcə də Şirvanda üzümçülük ənənələri çox qədim və zəngindir. Dövlət Turizm Agentliyi şərabçılığın təbliğində bu irsdən geniş istifadə edəcək.
Festivalın ilk günündə 4 mindən çox adam müxtəlif tədbirlərin iştirakçısı oplub. Təqdimatlarda ölkənin müxtəlif bölgələrində hazırlanan şərblar və üzüm məhsulları sərgilənib.
Xatırladaq ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədi ilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür. Festivalın keçirilməsinin məqsədi isə yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
XQ