Heydər Əliyev adına beynəlxalq hava limanında Asiya ölkələrinin ən nüfuzlu Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasına (SİMOC 2024) göndərilən məktəbliləri qeydiyyatdan keçirən SASMO Azərbaycan olimpiada mərkəzinin rəhbəri Ədalət bəy Məmmədqasımov Əlikamalı yola salan valideynlərinə bu sözü dedi:
– Əlikamala güvənirik. Ümid edirik ki, komandamıza qızıl medal qazandıracaq.
Əlikamal Həsən Qafur oğlu Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Litseyinin 7-ci sinfini bitirən şagirdidir. Təhsil aldığı ilk illərdən riyaziyyat fənninə böyük maraq və həvəsi var. Bu səbəbdən 4-cü sinfi bitirəndə hazırda şagirdi olduğu litseyə imtahan verərək daxil oldu. Uğurları da buradan başladı. İlk əvvəl 5-ci sinifdə oxuyarkən Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi “Lütvi-zadə adına riyaziyyat və məntiq” olimpiadasında qızıl medal alaraq birinci yerə layiq görüldü. Daha sonra SASMO Azərbaycan olimpiada mərkəzinin təşkil etdiyi olimpiadalara qoşularaq dəfələrlə qızıl və gümüş medallarla təltif olundu.
2023-cü ildə ARTİ-nin təşkil etdiyi 6-cı siniflər arasında keçirilən məktəblərarası respublika fənn müsabiqəsindən bürünc medalla qazandı. 2024-cü ildə isə həmin müsabiqədə respublika üzrə ən yüksək bal toplayaraq qızıl medala layiq görüldü.
Globol Olimpik Centrin (GOC) təşkil etdiyi riyaziyyat və məntiq olimpiadalarında da iştirak edərək dəfələrlə qızıl medallar aldı. 2023-cü ildə GOC-un təşkil etdiyi Türkiyə Matematik olimpiadanın son mərhələsi Türkiyənin İzmir şəhərində keçirilmişdi. Alikamal həmin olimpiadada iştirak etdi və 100 bal toplayaraq qızıl medalla vətənə qayıtdı.
ARTİ-nin təşkil etdiyi “Kenquru Beynəlxalq Riyaziyyat” müsabiqəsinin ilk medalçılarından və “Kenquru Beynəlxalq Riyaziyyat” düşərgəsinin ilk iştirakçılarındandır.
2024-cü ilin mart ayında SASMO Azərbaycan olimpiada mərkəzinin təşkil etdi olimpiadada Respublika üzrə bütün siniflər arasında ən yaxşı nəticə göstərən üç şagird Sinqapurda keçirilən qlobal mərhələdə ödənişsiz iştirak hüququ əldə etdi. Əlikamal da bu şagirdlər arasında idi. O, Sinqapurda da uğur əldə etdi. Azərbaycandan 69 nəfər iştirakçı arasında fərdi SİMOC müsabiqəsində iki nəfər qızıl medala layiq görüldü. Bu qızıl medaldan biri Əlikamal məxsus idi. Dünya üzrə sıralamada ilk onluğa daxil olaraq 6-cı yerdə qərarlaşdı. Eyni müsabiqənin qrup şəklində olan “Mind Sports” və “Math Warriors” mərhələlərində İndoneziya, ÇXR, Monqolustan, Malayziya və Orta Asiya respublikalarından olan iştirakçılarla birlikdə gümüç və bürünc medallar əldə etdi. Qazandığı qələbələrin ilk xəbərini atasına, II Qarabağ Müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli hərbi həkim, hazırda Laçın rayonunda xidmət edən Qafur Həsənova xəbər vermişdir.
Hazırda 8-ci sinif şagirdi olan Əlikamalın gələcək planları və yeni hədəfləri də var. O, fasiləsiz riyaziyyatla məşğul olur və hədəfi Respublika fənn olimpiadalarında qızıl medal qazanmaqdır. Bundan əlavə Azərbaycanı Dünyanın nüfuzlu riyaziyyat olimpiadalarından olan Balkan Olimpiadasında və İMO-da bayrağımızı yüksəltməkdir.
Əlikamal qazandığı uğurlara görə başda Cənc İstedadlar Litseyin direktoru Arif müəllim, tədris hissə müdiri Asif müəllim, riyaziyyat müəllimi Hökümə xanım, litseyin olimpiada müəəlimi, BDU-nun tələbəsi Vüqar müəllim minnətdardır.
Gənc riyaziyyatçıların olimpiada hazırlığında xüsusi rolu olan Fizik-riyaziyyat Təmayüllü Litseyin müəllimi Şəmsi müəllimi tanımayan yoxdur. Şəmsi müəllimin dərslərində iştirakdan sonra Əlikamalın riyaziyyat elminə olan həvəsi daha da artıb. Şəmsi müəllim Alikamal haqqında danışarkən bu sözləri deyib:
–Azərbaycanı İMO olimpiadasında təmsil edəcək şagirdlər arasında Əlikamalı da görürəm.
Bu sözlər Əlikamalı daha da əzmlə hazırlaşmağa və yeni uğurlar qazanmasına ruhlandırır.
Yolun açıq olsun gənc riyaziyyatçı.
Nəcibə Şirinova