Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində A.Paşazadə avqustun 4-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edib.
Sayca 9-cu dəfə təşkil olunan konfransa 60-dan çox müsəlman dövləti təmsil edən rəsmi şəxslər, İslam aləminin nüfuzlu din xadimləri qatılıblar.
Səudiyyə Ərəbistanı Kralının himayəsi ilə baş tutan nüfuzlu forumda çıxış edən şeyxülislam A.Paşazadə dünya müsəlmanlarının müqəddəs məkanı Məkkədə belə bir tədbirin keçirilməsinin İslam dünyası üçün xüsusi önəm daşıdığını vurğulayıb.
Bu gün dünyanın müxtəlif nöqtələrində baş verən qarşıdurma və sülhə təhdid olan halların qarşısının alınması üçün İslam aləmi daxilində həmrəyliyin güclənməsi, məzhəblərarası anlaşma mühitinin möhkəmləndirilməsinin xüsusi zərurət kəsb etdiyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə İslam dünyasının mötədil, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma məkanı olan Azərbaycanın örnək təcrübəsindən, bu istiqamətdə dövlətimizin səylərindən danışıb.
A.Paşazadə islamofobiya hallarının artmasına xüsusi toxunub, məkrlə düşünülmüş, planlaşdırılmış siyasi oyunların təhlükəli fəsadlarının önünü kəsmək üçün ən münasib qərar olaraq Məkkədə İslam dünyasının Fətva şuralarının beynəlxalq mərkəzinin yaradılması təklifi irəli sürüb. Bildirib ki, bir mərkəzdən verilən qərarlar və qəbul edilən fətvalar İslam ümmətinin gələcəyini mütərəqqi şəkildə yönəltməli, İslam daxili münaqişələrin aradan qaldırılmasına, müsəlman ümməti daxilində anlaşma mühitinə xidmət etməlidir.
Çıxışı zamanı QMİ sədri Azərbaycanda bu ilin noyabrında keçiriləcək COP29 tədbiri barədə məlumat verib, konfrans çərçivəsində bir sıra görüşlər keçirib.
XQ