Yaponiya fond bazarı bir gün əvvəl ucuzlaşdıqdan sonra kəskin yüksəldi

post-img

Yapon səhmləri 2008-ci ilin oktyabr ayından bəri ən böyük gündəlik artım göstərib. Ötən gün Yaponiya birjası 12 faiz tarixi eniş yaşamışdı. Hazırda TOPİX indeksi 10% artıb və yena məzənnəsi hər dollar üçün təxminən 145,7 səviyyəsində sabitləşib. Nikkei 225 indeksi 10% artıb.

Asiya-Sakit Okean regionunda (APR) əsas fond indeksləri də düzəldici artım nümayiş etdirir. Cənubi Koreyanın Kospi indeksi 4% artıb. Bazar ertəsi tarixinin ən pis enişini yaşayan Tayvanın Taiex fond indeksi 4% bərpa edib. Avtomobil istehsalçısı Honda-nın səhmləri 15%-dən çox, yarımkeçirici avadanlıq istehsalçısı Tokyo Electron-un səhmləri də 15%-dən çox bahalaşıb. 

Asiya-Sakit Okean regionundakı digər birjalarda da artım müşahidə olunur. Avstraliyanın S&P/ASX 200 indeksi 0,4% bahalaşıb. Honq Konqun Hang Seng indeksi 0,4%, Şanxay Kompozit indeksi 0,04%, Shenzhen Kompozit İndeksi 0,77% yüksəlib. 

Bir gün əvvəl ucuzlaşan kriptovalyutalar da artım nümayiş etdirir. Bitcoin 2,5% bahalaşaraq 55 765 dollara yüksəlib. Dekabr ayı qızıl fyuçerslərinin qiyməti 0,24% artaraq 1 troy unsiyası üçün 2450,3 dollara çatıb.

Bloomberg-in məlumatına görə, bu gün, avqustun 6-da Yaponiya Bankının, eləcə də Yaponiya Maliyyə Nazirliyi və Maliyyə Xidmətləri Agentliyinin rəsmiləri beynəlxalq bazarlardakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəklər.

Xatırladaq ki, avqustun 5-də Asiya-Sakit Okean regionunda birjalarda ticarət zamanı fond indeksləri çökmüşdü. Səbəb Yaponiya Mərkəzi Bankının əsas uçot dərəcəsini 0-0,1%-dən 0,25%-ə qaldırmaq qərarından sonra başlayan səhmlərin qlobal satışı olmuşdu. 

S.ELAY

XQ

 

İqtisadiyyat